AZ | RU | EN     
Ana səhifə Həyatı Əsərləri Məqalələr Fotoqalereya
  

Əsərləri - Studentlər

STUDENTLƏR

BİR NEÇƏ SÖZ.

"Studentlər" inqilabdan əvvəl türk (azərbaycanlı - M.A.) tələbələrin həyatını göstərir. Bu həyat çox da zəngin, mündəricəli və yüksək məfkurə izincə qoşan bir həyat deyil. Bu da babalar həyatının müasir bir şəklidir. Babalarımız əsrlər boyu dini mübahisələrlə vaxt keçirmiş, Rüstəmbəylə Əli də bu yolu davam etdirirlər; babalarımız alış-veriş edib, min bir fəsadla zəngin olur, əlsiz-ayaqsızları istismar edirdi. Qulu da eyni tipin müasirləşmişi deyilmi? O zamanın hər bir mütəxəssisi yeni sənət, yeni fənlə təchiz olunmuş birər tacir, xudmin adamlar deyilmi?

Babalarımız şəhvət üstündə vicdanlarını boğmağa alışıq idilər; çoxarvadlılıq, qadın hüququnu tanımamazlıq və bundan irəli gələn dəhşətlər adət yerini almışdı. Fərəməz, Qulamrza, Cəfər və başqaları da eyni yolla getmirlərmi?

Tələbələrimizin içində inqilab ruhlu, əməkçi kütləni düşünən, ictimai yaraların nərədən doğduğunu anlayanlar da var idi. Lakin bunların bütün fəaliyyəti irtica dövrünün qorxunc məngənəsi arasında əzilirdi. Yığılışmaq yasaq, danışmaq yasaq, hökümətə qarşı baş verə biləcək hər bir hərəkət susdurulur, insanlar həbsə və sürgünlərə sürülürdü... Səlmanla Əhməd havası xəfiyyə qoxuyan bu mühitdə yaşayır və onun dəhşətini hər an duyurdular...

O zaman tələbə həyatı və tələbə mühiti belə idi.

Bu gün tələbə həyatı bambaşqadır. Bu başqalığın səbəbi də bəllidir: elmi yalnız azlıq təşkil edən imtiyazlı bir sinfin malı edən çar höküməti təşkilatı yıxılmışdır; iş başına gələn əməkçi sinfi məktəb və bütün elmi müəssisələrin qapılarını geniş kütləyə açmışdır. Əməkçi balalarının oxuması üçün tələbə yurdları qurulmuş, təqaüd təyin edilmişdir. İndi artıq təhsilini bitirmək üçün min bir sənət dalınca qoşan Bəhramlar yoxdur.

Maddi cəhətdən təmin olunan tələbələr eyni zamanda mənəvi varlığı da duyurlar. Hər bir şura tələbəsinin qarşısında yüksək bir əməl var: bunlar mütəxəssis olaraq, ixtisaslarını sosializm quruluşuna həsr edəcəklər.

İndiki tələbələrin ruh yüksəkliyini təmin edən bir amil daha var: bunlar, doğrudan da, tarixdə əmsalı olmayan yüksək bir dövrdə yaşayırlar. Gələcək bu dövrü və bu dövrün təməl daşını atanları alqışlayacaq...

Bu mülahizələri nəzərdən keçirərək "Studentlər"i oxuyan gənclər tarixə qarışmış bir həyatı təsvir etmiş müəllifə, bir az da olsa, haqq verərlər zənnindəyəm.

Y.Vəzir

Bakı, aprel 1936.

"Studetlər" romanı

"1917-ci ildə" romanı

  



      

2016 © Yusif Vəzir Çəmənzəminli