AZ | RU | EN     
Ana səhifə Həyatı Əsərləri Məqalələr Fotoqalereya
..
Əsərləri - Məqalələri - Müstəqilliyimizi istəyiriksə... - Muxtariyyətə layiqik

MUXTARİYYƏTƏ LAYİQİK.

     Yüz il olur ki, biz türklər rus qılıncı zorilə Rusiyaya tabe olmuşuq. Amma bu yüz ildə bəzi barədən istiqlaliyyətimizi əsla unutmadıq. Məsəla, bir xeyli rus dəftərxana və məhkəməsini tanımaq belə istəmədik. Aramızda baş verən çox işlərdə məsləhət yerimiz həmişə ağsaqqallar olurlar. Ağsaqqallar qanlıları barışdırırlar; bir-birindən incimiş ər-arvad arasında barışıq yaradırlar; iki adamın bir bir hadisədən zərər gördükdə zərəri təqsirkardan alınıb zərərdidəyə verilir. Böylə adətlər aramızda hökmdür. Rusiyada sud gördüyü işi bizlərdə qazı və ağsaqqallar görürlər.

     Bunun səbəbi nədir? Bu degilmidir ki, bizim camaat öz milli oşlərini özgə əlinə verməyi istəmir, baxın görək az vaxtadək camaatımız hökümət məktəblərinə nə nəzər ilə baxırdı. Uşaqlarını etbar edib, oraya göndərmirdi. Camaatımızın cəmi meyli öz milli idarəmizə və öz adamlarımızadır. Bu dəlil istəməz. İmdiyədək mədəni olmamağımıza səbəb Rusiyanın mərkəziyyət üzrə yapılmış idarəsi idi. Oradan bir qədər rus göndərirdilər gəlib, adət və qaydasından, dil və dinindən xəbərdar olmadığı bir milləti idarə eləyirdi. Asırdı, kəsirdi, vergi yığırdı, bolluca da rüşvət alıb, otururdu yürində. Camaatımız da bu çinovniklərə əsla etibar eləməyib öz qədimliyində qalırdı. Çinovniklər öhdələrinə götürdükləri təzə işləri qəbul etmək istəmirdi. Amma hərgah vaxtında bizim muxtariyyətimiz olsaydı, hər işin başında öz adamlarımız dursaydı, camaatımızın etbarını qazanıb xeyirli işlər görərdilər.

     Xülasə, keçən keçib. Allah gələcəyi bərəkətli eləsin. İndi də muxtariyyətimizi başa gətirsək, gec deyil. Şükürlər olsun ki, yaxşı iş görən adamlarımız da var. Hal-hazırda Azərbaycanın idarəsini öz əlimizə götürməyə biz qadirik.

..



      

2017 © Yusif Vəzir Çəmənzəminli