AZ | RU | EN     
Ana səhifə Həyatı Əsərləri Məqalələr Fotoqalereya
..
Əsərləri - Məqalələri - Müstəqilliyimizi istəyiriksə... - Məhəlli muxtariyyət

MƏHƏLLİ MUXTARİYYƏT.

     Muxtariyyət iki cürdür. Birinə mədəni muxtariyyət və o birinə məhəlli muxtariyyət deyirlər. Mədəni muxtariyyət özgə millətlər ilə qarışıq olub özünə məxsus əlahiddə toprağa malik olmayan millətlərə əlverişlidir. Edilboyu tatarlar ruslar ilə qarışıq olduqlarına görə özlərinə milli və mədəni müxtariyyət istəyirlər. Bunların xahişi budur ki, dil, din və adətlərinə mane olunmasın. Şəxsi hürriyyətləri təmin olunsun.

     Mədəni muxtariyyətin böyük eybi budur ki, onu mühafizə eləməyə millətin əlində lazımi bir qüvvə yoxdur. Mərkəzi höümətdən nə növ təğyir olsa, siyasətin nəticəsi mədəni muxtariyyətli millətlərə də sirayət edər. Deməli, bu gün məmləkətin başına pis fikirli vəzirlər gələrlərsə, siyasəti dəyişib millətlərin hüququnu ayaq altına salarlar. Məhəlli və milli muxtariyyət isə böylə deyil.

     Məhəlli muxtariyyət torpağa malik olub, bir millətdən ibarət olanlara əlverişlidir. Məsələn; Türküstan və ya Başqırdıstan. Türküstanda sakin türklər arasında qeyri millətlər yox kimidir. Türküstanlıların özlərinə məxsus dilləri və adətləri var. Bu millət məhəlli muxtariyyətə malik olduqda tez tərəqqi eylər. Özünəməxsus qoşunu və milli məclisi olduqda mərkəzi Rusiya hökümətində baş verən təğyirdən qorxmaz. Çünki mərkəzi höküməti Türkistanın daxili işlərinə qarışmağa qoymaz. Köhnə istibdad zamanı rus padşahlarının zülmü nə qədər ağır idisə də, Finlandiya muxtariyyətinə dürüst kar edə bilmədi. Çünki finlər öz torpaqlarına pənah aparıb, məhəlli məclisləri ilə öz haqlarını əldə saxlaya bildilər.

     Biz, Azərbaycan türkləri, bir millətdən ibarət olub, geniş bir torpağa malik olduğumuz üçün muxtariyyət binası qurmaq istəyirik. Ölkəmizin sərhədi Dərbənd şəhərindən tutmuş Osmanlı məmləkətinə qədər və Batumdan tutmuş Xəzər dənizinin qiblə tərəflərinədəkdir. Paytaxtımız Bakı şəhəri olacaq. Çünki, bu şəhər bizə həmişə yol göstərib və bizə kömək əli uzadıb. Bakı şəhərində millət məclisi qurulacaq və bu məclisə Azərbaycanın hər bir güşəsindən camaat vəkilləri göndəriləcək. Vəkillər o məclisdə camaatın dərdlərini və diləklərini bildirəcək və ona görə əlaclar ediləcək. Millət məclisi Azərbaycanımız üçün qanunlar yazacaq, biz də ona əməl edəcəyik. Millət məclisinin buyruqlarını yerinə yetirmək üçün milli hökümətimiz olacaq. Millətə lazım olan tədbirləri millət vəkilləri tökəcəklər və əmələ gətirmək üçün milli hökümətə veriləcək. Milli hökümətimiz bizim malımızı, canımızı, namusumuzu hifz eləmək üçün var qüvvəsilə çalışacaq.

..



      

2017 © Yusif Vəzir Çəmənzəminli