AZ | RU | EN     
Ana səhifə Həyatı Əsərləri Məqalələr Fotoqalereya
..
Əsərləri - Məqalələri - Müstəqilliyimizi istəyiriksə... - İran və biz

İRAN VƏ BİZ.

     Böyük rus tufanından həmişə zərər görənlərdən biri də İran idi. Bu məmləkət çoxdan bəri dövlət islahatı ilə uğraşmaq meylində idisə də, rus intriqaları, heyfa ki, bu fikirləri yıxıb əzirdi. İranın bir daxili işləri yox idi ki, ona rus qarışmasın.

     Daima ölkənin heysiyyəti ayaqlar altında tapdanmaqda idi. Təbrizdə müctəhidlərin asılması, Məşhəddə İmam Rza qəbri-şərifinin təhqir olunması hamının yadındadır. Biçarə İran rus zərbəsindən göz aça bilmirdi ki, ölkəsinin rahat və tərəqqisinə çalışsın. Rus yıxıldı. Rus ilə İran arasında Azərbaycan dövləti təşkil etdi. Rus qorxusuna qarşı Qafqaz dövlətləri döşlərini sipər edərək durdular və duracaqlardır. İran da asudə nəfəs almağa başladı...

     Bundan sonra bu iki qonşu və islam dövlətləri arasında dostluq hüsula gəlməlidir.

     İran ilə aramızda məchul və ixtilaflı bir məsələ yoxdur. İkinci qonşu dövlətin tərəqqisi yalnız qarşı dostluq ilə ola bilər. İran bizi tutarsa və bizi müstəqil deyə tanırsa, özü üçün şimal tufanına qarşı bir sipər qazanar. İran istiqlaliyyəti bizə də böyük faydalar verəcəkdir. Bu istiqlaliyyət sayəsində dindaş qonşumuz islahat və idarə inkişafı ilə məşğul olaraq ölkədə rahatlıq və əsayiş doğura bilməz. Nə qədər İranda daxili rahatlıq olarsa, bir o qədər də biz rahat yaşayarıq. Sərhəd boyundakı təbəələrimizin sülhpərvər həyatı təsadüfi hadisələr ilə pozulmaz. Rus rəqabəti İranı iqtisadi cəhətlərdən əzirdi. Biz istərdik ki, İranın iqtisadi qüvvələri artsın. Çünki məmləkətin məhsulları Azərbaycan yolu ilə başqa məmləkətlərə nəql olunacaqdır; biz də bundan fayda görəcəyik. İqtisadca tərəqqi etmiş İranın alıcıları artar və biz də oraya artıq mal yeritməyə müvəffəq olarıq. Müstəqil yaşayan İranın, əminik ki, yolları çoxlaşacaq, nəqliyyə vasitələri gözəlləşəcək, insanların asayişi təmin olunacaq və bunların sayəsinda də bizim ilə İran arasında alış-veriş yüngüllük ilə yola gedəcək. Bundan da hər iki tərəf fayda görəcəkdir.

     Hankı nöqteyi-nəzərdən baxsaq, İranın müstəqil və məsud yaşaması bizə əlverişlidir.

     Dövlətimizin Azərbaycan adlandığı sui təfhümlərə səbəb olu. Halbuki Təbriz əyalətinin, yəni İran Azərbaycanının İranın olub-olmaması barədə ortalıqda heç bir məsəl yoxdur. İranın haqqına təcavüz etmək fikrində deyilik, olmamışıq və olmayacağıq. Bizim tərəqqi və istirahətimizi təmin edən yalnız qonşularımız ilə dosluğumuz olacaqdır.

..



      

2017 © Yusif Vəzir Çəmənzəminli